Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xaçmaz rayonu 1930-cu ildə yaradılmışdır. Xaçmaz 1936-1937-ci illərdə şəhər tipli qəsəbə olmuşdur. 1963-cü ildə Xaçmaz rayonu ləğv edilib, ərazisi Quba və Qusar rayonlarına verilmişdir. 1965-ci ildə rayon yenidən bərpa edilmişdir. Samur-Dəvəçi ovalığının bir hissəsi bu rayonun ərazisinə aiddir. Xaçmaz rayonu şimaldan Rusiya ilə həmsərhəddir. Rayon əra
zisindən magistral avtomobil yolu və Bakı-Moskva dəmir yolu keçir. Rayon ərazisinin 20.800 hektarı meşələrlə örtülmüşdür. Burada 8 çay, 3 süni göl var. Xaçmazın iqlimi mülayimdir. Burada termal və mineral su bulaqları vardır. Rayonun florasında itburnu, sarmaşıq, dazı otu, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Xaçmazda ovçuluq və balıqçılıq uçun yaxşı şərait var, Ovçular Cəmiyyəti fəaliyyət gostərir. "Gülalan gölu" qoruğu bu Cəmiyyətin nəzdindədir. Belə güman edirlər ki, Xaçmaz adı vaxtilə bu ərazidə yaşamış və mübariz Hunn qəbilələri birliyinə daxil olmuş xaçmataka qəbiləsinin adından əmələ gəlmişdir. Sonradan bu ad transformasiyaya uğramışdır. VII əsrin ortalarından başlayaraq, mənbələrdə Xaçmaz şəklində rast gəlinir. Maraqlıdır ki, VII əsrin ikinci yarısında bu qəbilənin bir hissəsi indiki Oğuz rayonu ərazisinə köçub getmiş və orada Xaçmaz adlı kənd və eyni adlı qala tikmişlər. Vaxtilə Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlərin üzərinə hərbi yürüşlər və basqınlar etmiş işğalçıların yolu Xaçmaz ərazisindən keçmişdir. Eramızdan əvvəl VIII-VI əsrlərdə tikilmiş məşhur Bab əl Əbvab (ərəbcədən "Qapıların Qapısı", Dərbənd qapıları) istehkamları bu işğalçıların yolunda dəf edilə bilməyəcək bir maneə kimi dayanmışdır. V əsrdə Sasani padşahı Yezdigərdin novundə Dərbənd aşırımında işğalçıların qarşısını almaq üçün möhtəşəm daş sədd tikilmişdir. Bu hərbi istehkamlar sistemini dəf etməyə müvəffəq olanlar dərhal Azərbaycanın bərəkətli torpağına düşürdü. Skiflər, alanlar, xəzərlər, səvirlər və digər qəbilələr Azərbaycan ərazisinə bu yolla keçmişdilər. Xaçmaz rayonunun ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tunc dövrünə aid qəbirlər, eləcə də əmək və ov alətləri və məişət muxəlləfatı əşyaları aşkar edilmişdir. Qədim qala-şəhərlərdən biri olan Xudat (Xudat sözünün mənası Allahın neməti deməkdir) Xaçmaz rayonunda yerləşir. Rayonda 60-dan cox tarix və mədəniyyət abidəsi qorunub saxlanmışdır. Rayonun ərazisindəki ən qədim arxeoloji abidələr Sərkərli, Mollaburhan, Hulovlu, Qaracik, Həsənqala kəndlərinin yaxınlığındakı tunc dövrünə aid qədim məskənlər və kurqanlardır. Canaxır, Bostançı kəndlərinin yaxınlığında orta əsrlərə aid insan məskənləri də bu qəbildəndir. Çoxsaylı tarix və mədəniyyət abidələri var. Moruqoba, Qalağan, Uzunoba, Tağaroba kəndlərində XX əsrdə tikilmiş məscidlər, Qraqurtlu kəndində XV-XVI əsrlərə aid Şah Abbas məscid-mədrəsəsi, Şıxlar kəndində Şeyx Yusif məscidi (XV əsr) qorunub saxlanılmışdır. XX əsrin əvvəllərində (1900-1903-cu illər) tikilmiş dəmir yol stansiyası və su qülləsi, böyük mesenat H.Z.Tağıyevin vəsaitinə 1900-1913-cü illərdə tikilmiş Şollar su anbarı və su kəməri də maraq doğururlar. Bu tikililər indi də texniki cəhətdən işləkdirlər. Rayonda ənənəvi xalq sənətlərindən xalçaçılıq daha geniş inkişaf etmişdir. Xaçmaz litseyində xalçaşunaslıq fakültəsi fəaliyyət gostərir. Böyük və miniatür ölçülü xalçalar toxuyan ustaları iş başında muşahidə etmək turistlər üçün maraqlı olur. Azərbaycanda çox populyar olan Nabran istirahət zonası Xaçmaz rayonunun ərazisindədir. Burada qumlu çimərliklərin mənzərəli meşələrlə qovuşduğu şəfalı yerlərdə çoxsaylı turist bazaları, pansionatlar, ən tələbkar turistləri də razı salacaq şəraitə malik olan istirahət evləri tikilmişdir. Xaçmaz rayonu Azərbaycanın Şabran, Quba, Qusar rayonları ilə, eləcə də Rusiya Federasiyası ilə sərhəddir. Rayon Xəzər dənizinin sahilində yerləşir.
İri yaşayış məntəqələri
Xaçmaz şəhəri – 35 094 nəfər (27.01.1999)[2]
Xudat şəhəri – 12 958 nəfər (27.01.1999)[2]
Müqtədir qəsəbəsi
Arzu qəsəbəsi
Dədəli kəndi
Əhalisi 162,6 min nəfərdir. Xaçmaz rayonunda 22 millət və xalqın nümayəndəsi vahid ailədə mehriban şəraitdə yaşayır (69,06%-i azərbaycanlılar, 18,19%-i ləzgilər, 6,13%-i tatlar, 3,45%-i mesxeti türkləri , 0,99%-i ruslar, 0,42%-i kürdlər, 0,2%-i yəhudilər, 0,15%-i tatarlar, 0,02%-i talışlar, 0,01%-i ermənilər, 1,38%-i digər millətlər olmaq üzrə). Hal-hazırda rayonda 122 ümumtəhsil məktəbi, 24 məktəbəqədər uşaq müəssisəsi fəaliyyət göstərir. Xaçmaz rayonunda mədəniyyət obyektlərinin çox geniş şəbəkəsi fəaliyyət göstərir. 13 mədəniyyət evi, 102 kitabxana, 44 klub, 3 musiqi məktəbi, mədəniyyət və istirahət parkı və s. rayon əhalisinə xidmət göstərir. Rayonda 91 səhiyyə müəssisəsi, 2 özəl tibb klinikası fəaliyyət göstərir.
23 Oktyabr 2004 cu ildən Xaçmaz Rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Hüseynqulu oğlu Xanbabayevdir.