06/07/2025
Sizinlə son 10 ildə çəkilmiş və son zamanlarda izlədiyim maraqlı Azərbaycan filmlərini bölüşmək istədim. Bu filmlərdə İranda yaşayan azərbaycanlı rejissor Cəfər Pənahinin stilini hiss etdim və o taylı və bu taylı Azərbaycanın incəsənət və realist kino sahəsində daha dərin və zəngin ənənələrə malik olduğuna əmin oldum.
1. “Axına Qarşı” — Rejissor: Elvin Adıgözəl
Film Mingəçevir şəhərində baş verir. Müasir Azərbaycan ailəsinin çətinlikləri, iztirabları, əxlaqi dilemmları və bir gəncin qarşısı alına biləcək bir qəza nəticəsində həyatını itirməsi ilə bağlıdır. Ata və ana məhrumiyyətlər içində böyütdükləri yeganə övladlarını itirirlər. Rejissor, insan həyatının nə qədər ucuz olduğunu və insanların həyatlarına yeni məna axtarışında necə ümidsiz, istiqamətsiz çırpındıqlarını çox uğurla göstərə bilmişdir. Çox hörmət etdiyim filosof və riyaziyyatçı dostum Azer Ehmedov müəllimin də bu film haqqında xoş fikirlərini elə bu platformada oxumuşdum.
2. “Nar Bağı” — Rejissor: İlqar Nəcəf
Orta yaşlı bir kişi 12 ildən sonra qəflətən ailəsinin kənddəki nar bağı olan evinə qayıdır. Yaşlı atası, məktəbdə oxuyan oğlu və onu sədaqətlə gözləyən həyat yoldaşı bu dönüşü həm sevinc, həm ümid, həm də şübhə ilə qarşılayır. Rusiyadan qayıdan bu kişi burada ailəsi və keçmişi qarşısında tam aciz bir insan kimi üzə çıxır. O, təkcə nar bağını deyil, kişilik, məsuliyyət və vicdanını da tərk edir və ailəsini daha ağır vəziyyətdə buraxaraq gəldiyi kimi yoxa çıxır. Rejissor, kişi olmağın məsuliyyətini və çətinliyini tamaşaçıya ötürə bilmiş və bu rola qarşı tam nifrət yaradılmasına nail olur, hərçənd ki rejissor onun bu işi dilemma qarşısında etdiyini də göstərməyə çalışır. İş və rəfah üçün Rusiyaya üz tutan əhalinin ölkəmizdə ailə strukturuna, sosial sistemə və əxlaqa neqativ təsirini də göstərə bilir.
---
3. “Daxilindəki Ada” — Rejissor: Rüfət Həsənov
Film tanınmış şahmatçı Seymur Tahirbəyovun həyatından bəhs edir. Cəmiyyətin qoyduğu gözləntilərdən, şöhrət təzyiqindən və ictimai rollardan bezmiş Seymur Kür Dili adasına qaçır və orada tənha yaşayan bir kişi ilə müəyyən müddət birlikdə qalır.
Rejissor burada keçmiş nəsil ilə yeni nəsil arasında iyerarxiya, formal institutlar və intizam (dissiplin) anlayışına olan münasibətlərdəki fərqləri gözəl şəkildə əks etdirə bilmişdir. Yeni nəsil tərəfindən tam başa düşülməsə də, filmdə kişiliyin və şəxsiyyətin zamanın fövqündə dayandığı ideyası uğurla çatdırılır. Ata obrazını canlandıran Vidadi Həsənov, filmdə məşhur “Gəmi” şeirini mahnı şəklində səsləndirir – çox təsirli və poetik bir səhnədir:
> – Hara gedirsən, ay gəmi?
> – Uzaqlara, uzaqlara.
> – Məktub yazsam, verərsənmi
> Balıqlara, balıqlara?
> – Yosunları dərərsənmi,
> Yosun köynək hörərsənmi
> Uşaqlara, uşaqlara?..
Söz: Ramiz RövşənHara gedirsən, ay gəmi?- Uzaqlara, uzaqlaraMəktub yazsam, verərsənmiBalıqlara, balıqlara?Yosunları dərərsənmi, Yosun köynək hörərsənmiUşaqla...