01/02/2026
Üfüqi monitorinq
Vergi Məcəlləsinə “üfüqi monitorinq” anlayışı əlavə edilmişdir. Vergi orqanı üfüqi monitorinqə qəbul edilmiş vergi ödəyicilərinin fəaliyyəti üzrə müvafiq qaydada üfüqi monitorinq keçirir.
Üfüqi monitorinqə qəbul edilən vergi ödəyicilərində monitorinqlə əhatə olunan hesabat dövrləri üzrə kameral və aşağıdakı hallar istisna olmaqla, səyyar (bu Məcəllənin 38.3.2-ci, 38.3.5-ci, 38.3.6-cı və 38.3.10-cu maddələrində nəzərdə tutulan hallar istisna olmaqla) vergi yoxlamaları keçirilmir:
vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə
vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə
cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda
Üfüqi monitorinqə qəbul edilən vergi ödəyicisində transfer qiymətlərinin tətbiqi üzrə və xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və xaricdən əldə olunan gəlirlər üzrə müvafiq məlumatlar daxil olduğu halda vergilərin hesablanması zamanı. Bu hal həmçinin, vergi orqanları tərəfindən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasdır, lakin yoxlama yalnız transfer qiymətlərinin tətbiqi və xarici dövlətlərin səlahiyyətli orqanlarından daxil olmuş sorğu və ya xaricdə əldə olunan gəlirlər üzrə müvafiq məlumatlarla əhatə edilən əməliyyatlar üzrə aparıla bilər.
Üfüqi monitorinq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar üzrə həyata keçirilir. Üfüqi monitorinqin predmeti vergilərin bu Məcəlləyə uyğun olaraq düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarətdən ibarətdir. Transfer qiymətlərinin tətbiqi və xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və xaricdən əldə olunan gəlirlər üzrə müvafiq məlumatların araşdırılması digər vergi nəzarəti tədbirləri ilə aparılır və üfüqi monitorinqlə əhatə edilmir.
Üfüqi monitorinqin əhatə etdiyi dövr təqvim ili hesab olunur və başladığı tarixdən əvvəlki bir təqvim ilini əhatə edir.
Üfüqi monitorinqə qəbul edilən şəxslərin dairəsi
Üfüqi monitorinqə qəbul edilmək üçün ərizənin verildiyi tarixə aşağıdakı bütün şərtlərə cavab verən vergi ödəyiciləri üfüqi monitorinqə qəbul edilə bilərlər:
vergi ödəyicisi orta və iri sahibkarlıq subyektidirsə;
vergi ödəyicisi mühasibat və vergi uçotunu mühasibat və (və ya) vergi uçotunun avtomatlaşdırılması üçün nəzərdə tutulmuş proqram təminatından istifadə etməklə aparırsa;
vergi ödəyicisi bu Məcəllənin 38-1.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq daxili nəzarət sistemini tətbiq edirsə.
Barəsində riskli vergi ödəyicisi olmasına dair qərar qüvvədə olduqda, habelə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda vergi ödəyicisi üfüqi monitorinqə qəbul edilə bilməz.
Üfüqi monitorinqə qəbul edilmək üçün müraciət edilməsi
Üfüqi monitorinqə qəbul edilmək üçün müraciət edən vergi ödəyicisi üfüqi monitorinqin aparılacağı dövrdən əvvəlki ilin sentyabr ayının 1-dən gec olmayaraq forması və doldurulma qaydası müvafiq orqan (qurum) tərəfindən təsdiq edilən ərizə və aşağıdakı sənədlərlə (məlumatlarla) birlikdə vergi orqanına müraciət edir:
müvafiq normaya əsasən təsdiq edilmiş inzibati reqlamentə uyğun olaraq vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlər və məlumatlar;
müvafiq normaya uyğun olaraq qurulmuş daxili nəzarət sistemi, mümkün vergi riskləri və həmin risklərə nəzarət proseduru barədə sənədlər.
Üfüqi monitorinqə qəbul edilmə barədə ərizənin və ona əlavə edilmiş sənədlərin müvafiq şərtlərə uyğunluğuna vergi orqanı tərəfindən 2 ay müddətində baxılır və baxılmanın nəticəsi üzrə vergi ödəyicisinin üfüqi monitorinqə qəbul edilməsi və ya üfüqi monitorinqə qəbul edilməsindən imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edilir. Vergi ödəyicisinin üfüqi monitorinqə qəbul edilməsi barədə qərar bir dəfə qəbul edilir və növbəti illər ərzində də qüvvədə qalır (vergi ödəyicisi müvafiq normaya uyğun olaraq üfüqi monitorinqdən çıxarılmadığı halda).
Üfüqi monitorinqə qəbul edilən vergi ödəyicisinin vəzifələri
Üfüqi monitorinqə qəbul edilməsi barədə qərar çıxarılmış vergi ödəyicisi bu Məcəllədə nəzərdə tutulmuş müddətdə mənfəət və gəlir vergisi bəyannaməsinin verilməsinin son tarixindən (hesabatın təqdim edilməsi müddətinin uzadılması nəzərə alınmaqla) 30 gün ərzində monitorinqin aparılması üçün tələb olunan sənədləri və məlumatları vergi orqanına təqdim edir. Nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra növbəti gün vergi orqanı tərəfindən üfüqi monitorinqin başlanması barədə qərar qəbul edilir və 6 aydan gec olmayaraq başa çatır. Əlavə araşdırma tələb edildiyi halda üfüqi monitorinqin keçirilməsi müddəti vergi orqanının qərarına əsasən iki aya qədər uzadıla bilər.
Üfüqi monitorinqə qəbul edilmək üçün müraciət edən vergi ödəyicisinin təqdim etməli olduğu sənədlər və məlumatlar həmin maddədə müəyyən edilmiş müddətdə təqdim edilmədikdə və ya təqdim edilmiş sənədlərdə və məlumatlarda çatışmazlıqlar olduqda, vergi orqanı həmin sənədlərin və məlumatların, onlar vergi ödəyicisində olmadıqda isə bu barədə izahatın təqdim edilməsi üçün vergi ödəyicisinə 5 iş günü ərzində elektron qaydada sorğu göndərir. Sorğu göndərildikdən sonra 15 gün ərzində tələb edilən sənədlər və məlumatlar vergi orqanına təqdim edilməlidir.
Üfüqi monitorinqin başlama tarixindən 15 gün ərzində vergi ödəyicisi dəqiqləşdirilmiş vergi bəyannamələrini təqdim edə bilər.
Üfüqi monitorinqə qəbul edilən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:
Müvafiq orqanın (qurumun) təsdiq etdiyi inzibati reqlamentə uyğun olaraq vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədləri və məlumatları bu məqsədlə yaratdığı məlumat mübadiləsi platformasında yerləşdirmək və vergi orqanının həmin platformaya çıxışını təmin etmək;
Müvafiq orqanın (qurumun) təsdiq etdiyi qaydalara uyğun daxili nəzarət sistemini qurmaq və mümkün vergi riskləri barədə məlumatı və həmin risklərə nəzarət prosedurunu vergi orqanına təqdim etmək.
Üfüqi monitorinqin nəticələrinin rəsmiləşdirilməsi, üfüqi monitorinq zamanı vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, nümunə kimi əşyaların götürülməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və inventarizasiya aparılması bu Məcəllənin müvafiq maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Vergi ödəyicisinin üfüqi monitorinqdən çıxarılması
Üfüqi monitorinqin keçirilməsi aşağıdakı hallarda dayandırılır və vergi ödəyicisi üfüqi monitorinqdən çıxarılır:
vergi ödəyicisi tərəfindən üfüqi monitorinqdə iştirakın dayandırılması barədə ərizə təqdim edildikdə (bu halda vergi ödəyicisi 3 iş günü ərzində üfüqi monitorinqdən çıxarılır);
sənədlərin və məlumatların təqdim edilməsinə dair vergi orqanının tələbləri ardıcıl iki dəfə pozulduqda;
Vergi Məcəllənin müvafiq maddəsinə uyğun olaraq növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar çıxarıldıqda;
vergi ödəyicisi Məcəllənin müvafiq maddəsinin tələblərinə uyğun olaraq mümkün vergi riskləri barədə məlumatı açıqlamamışdırsa vergi ödəyicisində üfüqi monitorinqlə əhatə olunan dövr üzrə müvafiq maddəyə uyğun olaraq növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar çıxarıldıqda və ya üfüqi monitorinqlə əhatə olunmayan dövr üzrə keçirilən səyyar vergi yoxlaması zamanı keçirilən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergidən yayınma hallarının olması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olması halı üzrə yoxlamanın əhatə etdiyi dövr artırıldıqda (üfüqi monitorinqlə əhatə olunan dövr daxil olmaqla);
vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edildikdə, habelə vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda.
Üfüqi monitorinqin nəticələrinin rəsmiləşdirilməsi və maliyyə sanksiyaları
Üfüqi monitorinq başa çatdıqdan sonra onun nəticələri üzrə vergi orqanının rəhbəri (onun müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır:
vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;
vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması.
Aşağıdakı hal istisna olmaqla, üfüqi monitorinq aparılan vergi ödəyicisində vergitutma bazasının azaldılması və ya verginin düzgün hesablanmaması aşkar edildikdə, vergi orqanının qərarı ilə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Vergi ödəyicisi üfüqi monitorinqlə aşkar olunmuş kənarlaşmalar barədə məlumatı üfüqi monitorinqin başlanmasına qədər Məcəllənin müvafiq maddəsinin tələblərinə uyğun olaraq daxili nəzarət sistemi tətbiq etməklə müvafiq formada açıqlamışdırsa üfüqi monitorinq keçirilən vergi ödəyicilərinin təqsiri istisna olunur və vergitutma bazasının azaldılması və ya verginin düzgün hesablanmamasına görə maliyyə sanksiyası tətbiq edilmir.
Ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlər üfüqi monitorinq nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir.
Elektron qaimə-fakturaların təqdim edilməsi
- Elektron qaimə-fakturanın təqdim edilmə müddətlərindəki dəyişikliklərə əsasən isə, digər işlərin görülməsi və xidmətlərin göstərilməsindən fərqli olaraq, beynəlxalq daşıma xidmətlərinin göstərilməsi üzrə elektron qaimə-faktura – daşıma xidmətlərinin başlanıldığı vaxtadək, müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər üzrə isə – hər təqvim ayı üçün xidmətlərin göstərilməsinə başlanıldığı vaxt təqdim edilməlidir.
- Avans ödənişləri barədə elektron qaimə-faktura–avansın alındığı gün deyil, həmin vaxtadək təqdim edilməlidir.
- Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallarla yanaşı, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə də ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.